Paris merinin köməkçiləri Azərbaycanı təhqir ediblər
Paris merinin köməkçiləri bu şəhərdə keçirilən Azərbaycan stendinin qarşısında təxribat törədib,Azərbaycan Respublikasına qarşı fikirlər səsləndirərək stendi dağıtmağa çalışıblar.
Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin iki köməkçisi təxribat törədib.
“Report”un verdiyi məlumata görə, Paris merinin assosiasiyalar üzrə köməkçiləri, Azərbaycanın stendinin qarşısında dava salıb və stendi dağıtmağa çalışıb.
Onlar Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, Azərbaycana qarşı nalayiq sözlər işlədib.
Paris merinin köməkçilərindən birinin erməni əsilli Anouch Toranian olduğu deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının öz torpaqlarının azad edilməsi uğrunda apardığı 44 günlük müharibəyə qarşı mövqe bildirən Fransa, müharibədən sonra da Qarabağdakı separatçıları dəstəkləyir, İrəvanı Bakı ilə sülhdən çəkindirməyə çalışır.
Fransa mediyasında da tam anti-Azərbaycan atmosfer hökm sürür. Buna baxmayaraq Azərbaycan Respublikası hərzaman olduğu kimi, Parisin aqressiv siyasətlərinə qarşı yumşaq mövqe tutur,özünü Fransaya yaxınlaşdırmağa çalışır.