Okt 22, 2023 20:36 Asia/Baku
  • 7 qat dünya çempionu məşhurları reaksiya göstərməyə çağırdı

Formula 1 üzrə 7 qat dünya çempionu, britaniyalı pilot Lyuis Hamilton 35 milyon izləyicisi olan sosial media hesabında Qəzzaya yardım üçün müraciət edib.

"Mercedes"in 38 yaşlı pilotu uşaqların qəsdən qırğın edilməsini qəbuledilməz adlandırıb:

"Yaşanan ağrı və itkilərin miqyası həqiqətən dağıdıcıdır. Günahsız insanların, xüsusən də uşaqların qəsdən hədəfə alınmasına heç bir bəraət qazandırıla bilməz. Biz bunu qəbul edə bilmərik".

Bəşəriyyətin hər zamankından daha çox bir araya gəlməli olduğunu vurğulayan Hamilton deyib ki, bu qədər ağrı və kədər olsa da, bu vəziyyətə son qoymaq üçün liderlərə əllərindən gələn təzyiqi etməlidirlər:

"Bunun üçün kollektiv gücümüzdən istifadə etməliyik. Bölgədəki hər bir uşaq təhlükəsiz olana qədər dayanmamalıyıq".

Lyuis Hamiltonun məşhurları Qəzzədə əhalinin qırğın edilməsini dayandırmaq üçün hərəkətə keçməyə çağırması ilə sosial şəbəkələrdə müsəlman məşhurların üzərinə düşən vəzifələr ciddi müzakirələrə səbəb olub.

İstifadəçilər hər bir müsəlman ölkənin daxilində müxtəlif sahələrdə tanınan simaları eləcə də dünya səviyyəsində şöhrət qazanan müsəlman məşhurları Qəzzəyə qarşı cinayətlərə münasibət bildirməyə çağırırlar.