Ukraynada silah alışında 40 milyonluq yeyinti aşkar olub
Ukrayna hökumətində silah alışında korrupsiya əməli aşkar edilib. Müdafiə Nazirliyinin məmurlarından biri tərəfindən 40 milyon dollarlıq yeyinti baş verib.
Ukrayna Müdafiə Nazirliyinin baş idarələrindən birinin rəhbəri artilleriya mərmilərinin alışı zamanı 1,5 milyard qrivnanın (təxminən 40 milyon dollar) mənimsənilməsində təqsirli bilinərək saxlanılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Baş Prokurorluğunun birgə məlumatında deyilir.
Belə ki, adı açıqlanmayan məmur ötən ilin dekabrında mərmilərin alınması üçün xüsusi ixracatçı ilə müqavilə bağlayıb və lazımi vəsaiti şirkətə köçürüb.
Bununla belə, o zaman Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi daha sərfəli müqavilə bağlayıb ki, bu da mərmilərin maya dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə birbaşa istehsalçıdan alınmasını nəzərdə tuturdu.
Təqsirləndirilən şəxs mövcud vəziyyətə baxmayaraq, 30% baha başa gələn ilkin razılaşmanın müddətini uzadıb.
Qeyd edək ki, Ukrayna hökumətində bu ölkəyə edilən humanitar və hərbi yardımların mənimsənilməsi halları, Kiyevə dəstək verən qərb dövlətlərində məyusluq doğurur. Bu vəziyyət Ukraynaya yardımların dayandırılması çağırışlarının artmasına səbəb olub.