Fransa Senatından Azərbaycana qarşı daha bir addım:
Azərbaycana qarşı sanksiyalar tələb edən qətnamə qəbul edilib
Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib, Azərbaycandan qaz və neft idxalına embarqo qoyulmasına çağırıb.
Senat “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınmasına” yönəlmiş partiyalararası qətnaməni müzakirə edib.
Qətnamənin qəbulu sessiyasında fəxri qonaq qismində Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və ləğv olunmuş separatçı "Dağlıq Qarabağ"-ın nümayəndəsi Hovhannes Gevorgyan da iştirak ediblər.
Axar.az xəbər verir ki, gözlənildiyi kimi, qətnamə təxminən yekdilliklə - 336 lehinə, 1 əleyhinə səslə qəbul olunub.
Qətnamədə ermənilərin Qarabağa qayıtmaq hüququna da təminat verilməsi tələb olunur.
Erməni mənbələrinin bldirdiyinə görə, qətnamənin əsas müddəaları bunlardan ibarətdir:
“Fransa Senatı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Senat Azərbaycanı erməni qaçqınların təhlükəsizliyini və rifahını təmin edən şəraitdə onların Dağlıq Qarabağa qayıtmaq hüququnu təmin etməyə çağırır, Azərbaycan qoşunlarını və onların müttəfiqlərini Ermənistanın suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxmağa çağırır, Dağlıq Qarabağın siyasi liderlərinin əsassız həbslərini məhkum edir, YUNESKO-nun beynəlxalq ekspertlər qrupunun yaradılmasını və onun Dağlıq Qarabağdakı mədəniyyət və dini irsin vəziyyəti haqqında məlumat hesabatının hazırlanması missiyasını vurğulayır. Fransa Senatı həmçinin Azərbaycanın hərbi təcavüzünə qarşı sanksiyaların tətbiqi üçün Azərbaycan liderlərinin aktivlərinə həbs qoyulması və Azərbaycandan qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsini vurğulayır”.