Fev 22, 2024 14:09 Asia/Baku
  • Makron: Ermənistanla müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

Fransa prezidenti Ermənistanın baş naziri ilə media nümayəndələri üçün birgə bəyanatı zamanı bəyan edib ki, onun ölkəsi müdafiə sahəsində Ermənistanla əməkdaşlığı inkişaf etdirəcək.

Emmanuel Makron fevralın 21-də Parisdə keçirilən mətbuat konfransında deyib: “Fransa müdafiə avadanlığının tədarükünə razılıq verib və Fransa hər hansı eskalasiyanın qarşısını almaq məqsədi ilə bu sahədə öz öhdəlikləri ruhunda davam edəcək.

Makron həmçinin Bakını Qarabağa qayıtmaq istəyənlərin təhlükəsiz, maneəsiz qayıtmasını təmin etməyə çağırıb

O qeyd edib ki, Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarını icra etməlidir.

Fransa lideri iddia edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir.

“Fransa regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərə töhfə verməyə davam edəcək. Buna yalnız beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar”, - deyə Fransa prezidenti vurğulayıb.

O bununla əlaqədar Azərbaycandan istəyib ki, Ermənistanın ərazi bütövlüyü və xəritələrlə bağlı qeyri-müəyyənliyi aradan qaldırsın.

Makron Paşinyana xitabən: “Siz Fransanın Ermənistanın müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik proseslərə dəstəyinə və sülh istəyinə arxalana bilərsiniz”, – deyə müraciət edib.

Makron həmçinin Ermənistan hökumətinin anti-Rusiya mövqeyini alqışlayıb.

“Mən sizin Roma statutunu ratifikasiya etmək kimi cəsarətinizi alqışlamaq istəyirəm. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması belə inadkarlığın parlaq nümunəsidir”, - deyə o Paşinyanı tərifləyib.

Ermənistan baş naziri Nikol Paşinyan isə bildirib ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir.

O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır.