Rusiya Qərbə əzələ nümayiş etdirir
Putin: Qərbi məhv edəcək silahlarımız var
Rusiya prezidenti Qərbə nüvə müharibəsi riski ilə bağlı xəbərdar edib, Moskvanın Qərbdəki hədəfləri vura biləcəyini söyləyib.
Röyters Xəbər Agentliyinin məlumatına əsasən, Vladimir Putin cümə axşamı Qərb ölkələrinə xəbərdarlıq edib ki, onlar Ukraynada döyüşmək üçün öz qoşunlarını göndərsələr, əsl nüvə müharibəsi riski yaranacaq.
Parlamentə və ölkə elitasının digər üzvlərinə müraciət edən 71 yaşlı Putin Qərbin Rusiyanı zəiflətmək niyyətində olması ilə bağlı ittihamını təkrarlayaraq bildirib ki, Qərb liderləri Rusiyanın daxili işlərinə müdaxiləsinin nə qədər təhlükəli ola biləcəyini anlamalıdırlar.
O, xəbərdarlığını bazar ertəsi Fransa prezidenti Emmanuel Makronun NATO üzvlərinin Ukraynaya quru qoşunları göndərməsi ideyasına cavab olaraq bu fikirləri söyləyib.
Xatırladaq ki, Makronun təklifi ABŞ, Almaniya, Britaniya və digərləri tərəfindən tez bir zamanda rədd edilib.
Bununla belə Putin deyib: “Qərb dövlətləri dərk etməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Bütün bunlar həqiqətən də nüvə silahının tətbiqi və sivilizasiyanın məhvi ilə bağlı münaqişə təhlükəsi yaradır. Onlar bunu başa düşmürlərmi?!”.
Martın 15-17-də keçiriləcək prezident seçkiləri ərəfəsində daha altı il müddətinə yenidən seçiləcəyinə əmin olan Putin sonra, Rusiyanın dünyanın ən böyük modernləşdirilmiş nüvə arsenalına malik olduğunu Qərbin diqqətinə çatdırıb.
İyirmi ildən artıqdır ki, Rusiyanın ən böyük lideri olan Putin açıq şəkildə qəzəblənərək, Qərb siyasətçilərinə Sovet İttifaqını işğal etməyə çalışan nasist Almaniyasının rəhbəri Adolf Hitlerin, eləcə də Çar Rusiyasını işğal etmək istəyən Fransa imperatoru Napoleon Bonapartın taleyini xatırlamağı məsləhət görüb.
“Ancaq indi nəticələr daha faciəli olacaq”, - deyə Putin Qərb dövlətlərinə barmaq silkələyib.