Qəhrəman İslam Xəlilov təltif edildi
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert mərkəzinin qarderobunda işləyən 15 yaşlı İslam Xəlilov martın 22-də baş verən terror hücumu zamanı binadan 100-dən çox insanın çıxmasına kömək edib.
Bildirilib ki, bütün administratorlara fövqəladə vəziyyət zamanı binadan çıxış təlimi keçirilib və 15 yaşlı oğlan da dəqiq şəkildə həmin təlimə uyğun olaraq insanlara yardım edib.Hadisə zamanı, eləcə də yanğın başlayan anda o, insanların yanlış istiqamətdə qaçdığını görüb. Bundan sonra özü təxliyə prosesini idarə etməyə başlayıb və insanları doğru istiqamətə yönəldib. İslam Xəlilov təlaş içində qaçan insanları dar keçiddən keçirib, daha sonra onları xidməti çıxışdan küçəyə çıxarıb.Bu səbəbdən, Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Şeyx Ravil Qaynutdin martın 29-da Moskva Katedral məscidində İslam Xəlilovu Rusiya müsəlmanlarının ali mükafatlarından biri olan “Xidmətlərə görə” medalı ilə təltif edib.