Mart 31, 2024 17:51 Asia/Baku
  • Rusiya ərazi tələblərindən vaz keçmir

Peskov: Kiyev geosiyasi reallığı dəyişə bilməz

Rusiya prezidentinin mətbuat katibi Zelenskinin Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqları ilə bağlı sözlərinə cavab verib.

RİA Novosti-yə müsahibədə Dmitri Peskov deyib ki, Ukrayna prezidenti Rusiya ilə mümkün danışıqlarda yeni geosiyasi reallığı nəzərə almalıdır.

Onun sözlərinə görə, geosiyasi reallıq kəskin şəkildə dəyişib, həm Ukrayna, həm də Rusiya Federasiyasının sərhədləri dəyişib.

Cümə günü CBS News-a müsahibə verən Ukrayna lideri ilk dəfə etiraf edib ki, Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmadan Kremllə danışıqlar başlaya bilər. Onun fikrincə, Vladimir Putin müharibəyə başlayandan sonra Rusiya Federasiyasının tərkibinə daxil olan “əraziləri itirərsə” danışıqlara başlamağa hazır olacaq.

Zelenski və Ukraynanın digər nümayəndələri əvvəllər təkid edirdilər ki, danışıqların başlanması yalnız Rusiya qoşunlarının Ukrayna ərazisini SSRİ-nin dağılmasından sonra müəyyən edilmiş sərhədlər daxilində tərk etməsi şərtilə mümkündür.

Digər tərəfdən Ukrayna prezidenti Vladimir Zelenski “Washington Post” qəzetinə müsahibədə etiraf edib ki, ABŞ Kiyevə maliyyə və hərbi yardımı dayandırarsa, Ukrayna silahlı qüvvələri öz mövqelərindən geri çəkilmək məcburiyyətində qalacaqlar.

O həmçinin deyib: “Əgər ABŞ-ın dəstəyi olmasa, bu o deməkdir ki, bizim hava hücumundan müdafiə sistemimiz, Patriot raketlərimiz, elektron müharibə imkanlarımız və artilleriya mərmilərimiz olmayacaq. Belə bir ssenari birbaşa silahlı qüvvələrimizi addım-addım geri çəkilməyə məcbur edəcək”.

Ukrayna prezidenti sonra ABŞ Konqresinin dəstəyi olmadan ordunun böyük raket çatışmazlığı ilə üzləşəcəyinə diqqət çəkib və deyib: “Problem ondadır ki, Ukrayna və ABŞ-ın münaqişə zonasında irəliləmək səyləri qətiyyən kifayət etmir. Rusiyanın pilotsuz təyyarələri, raketləri və dəqiq bombaları müdafiə xətlərimizi məhv edərkən və kritik hərbi infrastrukturu hədəfə alarkən, biz ağır vəziyyətlə üzləşirik”.

Bu arada yapon ekspertləri vurğulayıblar ki, Ukrayna Rusiya ilə mübarizəni davam etdirsə, bütövlükdə yox ola bilər.

Onların fikrincə, hərbi münaqişə indiki formada davam edərsə, Ukrayna nəinki əks-hücuma keçə bilməyəcək, həm də onun ölkə kimi mövcudluğunu itirmək riski realdır.

 

Teqlər