Quterreş dünya ictimaiyyətinə səsləndi:
“Bu dəhşət dayandırılmalıdır”
BMT-nin Baş katibi Antonio Quterreş cinayətkar İsrail rejimi ordusunun Rəfəh şəhərində çadır düşərgəsinə zərbə endirməsini kəskin pisləyib və zorakılığın dayandırılmasını istəyib.
Baş katib bu barədə X səhifəsində yazıb: “Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hərəkətlərini qınayıram. Bu dəhşət dayandırılmalıdır”.
Quterreş əlavə edib ki, Qəzzədə bir dənə də olsun təhlükəsiz yer qalmayıb.
Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzzənin cənubunda, Rəfəhdə BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. Hücumda azı 40 nəfər şəhid olub, onlarla yaralı var.
Bu arada BMT-nin Yaxın Şərq Sülhü üzrə Xüsusi Koordinatoru Tor Vennesland İsraili Qəzzə düşərgəsinə hava hücumlarına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb
O, hava hücumlarını pisləyərək, "ətraflı və şəffaf" bir araşdırmaya ehtiyac olduğunu vurğulayıb və deyib: “Mən İsrail hakimiyyətini bu insidentlə bağlı hərtərəfli və şəffaf təhqiqat aparmağa, hər hansı bir qanunsuzluğa görə məsuliyyət daşıyanları hesaba çəkməyə və mülki insanları daha yaxşı qorumaq üçün təcili addımlar atmağa çağırıram”.