İyul 08, 2024 15:12 Asia/Baku
  • Fransada seçkilərin yekun nəticəsi açıqlanıb; Solçular ifrat sağçılara qalib gəlib

Fransa Daxili İşlər Nazirliyi bu gün səhər ölkədə keçirilən parlament seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb və bildirib ki, solçu ittifaq Fransa parlamentində ən çox yeri qazanıb və ifrat sağçıların birinci turdakı qələbələrini təkrarlaya bilməyiblər.

"CNN"nin məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi parlament seçkilərinin ikinci turunda seçici fəallığını 66,63 faiz elan edib. Buna əsasən, solçu partiyaların ittifaqı olan "Yeni Xalq Cəbhəsi" 182 mandat, Emmanuel Makronun mərkəzçi “Respublika naminə birlikdə” bloku isə 163 mandat qazanıb.

İlk turda liderliyi ələ keçirən ifrat sağçı Milli Birlik və onun müttəfiqləri 143 mandat qazanaraq, taktiki səsvermə nəticəsində üçüncü yerə enib. 

Fransa Nümayəndələr Palatasının 577 mandatı var və beləliklə, siyasi bloklardan heç biri parlamentdə mütləq əksəriyyəti əldə etmək üçün lazım olan ən azı 289 yeri əldə edə bilməyib.

Ona görə də hökumətin qurulması üçün parlamentə vəsiqə qazanan partiya və ittifaqların koalisiya yaratması zəruridir. Ən çox mandat qazanan Yeni Xalq Cəbhəsi ittifaqı hökuməti formalaşdırmağa hazır olduğunu açıqlayıb.

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra Parisin mərkəzində solçuların mitinqi zamanı polis ilə mitinq iştirakçıları arasında toqquşma baş verib. 

TASS-ın verdiyi məlumata görə, polis Parisin mərkəzində solçu Yeni Xalq Cəbhəsi tərəfdarlarının mitinqində baş vermiş iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

TASS-ın yazdığına görə, radikallar polisə daş və butulka atmağa başlayıb, daha sonra bir neçə adi və elektrikli velosipedi yandırıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Teqlər