Rusiyadan İrəvana sərt etiraz;
Qaluzin: İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti pozur
Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir.
Bu fikri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA-ya müsahibəsində deyib.
Rusiyanın dövlət rəsmisi qeyd edib: “Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. İrəvan təəssüf ki, başqa yol seçib”.
Onun sözlərinə görə, Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə, xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Lakin İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozaraq, öz təhlükəsizliyinə zərər vurur.
Qaluzinin fikrincə, Ermənistanda mütəxəssislər və siyasətçilər bu cür ehtiyatsız addımların mümkün bədəlini başa düşməlidirlər. İki stulda oturmaq cəhdləri qeyri-realdır.
Qeyd edək ki, Vaşinqtonda keçirilən NATO sammitində Ermənistanı bu ölkənin XİN başçısı Ararat Mirzoyan təmsil edir.