Noy 12, 2024 16:16 Asia/Baku
  • JMK və Sərhədsiz Reportyorlar çağırış ediblər

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Bakıda keçirilən COP29 sammitinə gələn nümayəndələri müstəqil media nümayəndələrinə qarşı repressiyalarla əlaqədar Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.

"Ən az 15 jurnalist 8 ildən 20 ilədək həbs cəzası nəzərdə tutan ittihamlarla məhkəmə prosesini gözləyir. Azərbaycanın mətbuata qarşı münasibəti BMT-nin konfransını qəbul edən ölkədən gözlənilən insan hüquqları dəyərləri ilə bir araya sığmır", deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib. 

"JMK Azərbaycan hakimiyyətini ədalətsiz olaraq həbs edilmiş bütün jurnalistləri azad etməyə və mətbuat azadlığını dəstəkləməyə, BMT-ni isə böyük tədbirlərin Azərbaycan kimi insan hüquqları və mətbuat azadlığı sahəsində vəziyyətin dəhşətli olduğu ölkələrdə keçirilməyəcəyinə zəmanət verməyə çağırır", deyə o, əlavə edib.

"Sərhədsiz Reportyorlar"-da  beynəlxalq ictimaiyyəti jurnalistlərin azad edilməsi və insan hüquqları pozuntularına son qoyulması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.

"Çıxışın məhdudlaşdırılması, fiziki zorakılıq, həbslər: Azərbaycanda, gəlirinin 90%-dən çoxunu karbohidrogen ixracından əldə edən neft-qaz dövlətində ətraf mühit kimi həssas mövzuları işıqlandıran jurnalistlər minalanmış sahədə işləyirlər. Son bir ildə hakimiyyət 15-ə yaxın jurnalisti fəaliyyətinə görə həbs edib", deyə təşkilatın bəyanatında bildirilir.

"Sərhədsiz Reportyorlar" beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən həbs edilmiş jurnalistləri azad etməyi, mətbuat azadlığının tüğyan edən pozuntularına son qoymağı və müstəqil jurnalistikanı qorumaq öhdəliyi götürməyi tələb etməyə çağırır", deyə "Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavalye bildirib.