Amerikanın iqtisadi vəziyyəti ağırlaşıb
Trampa qarşı ictimai etirazlar artmaqdadır - TƏHLİL
ABŞ prezidenti Donald Tramp proteksionist siyasətlərə arxalanaraq dünyanın əksər ölkələrinə, xüsusən də Çinə qarşı geniş tarif müharibəsi başlatsa da, bu yanaşmanın nəticələri ABŞ-ın hazırkı iqtisadiyyatına dərin təsir göstərib və əhali arasında narazılığı artırıb.
Son aylarda ABŞ-da iqtisadi şərait pisləşib və Trampın məlum qərarları amerikalı istehlakçılar üçün əhəmiyyətli qiymət artımına səbəb olub.
ABŞ prezidenti Donald Tramp iddia edir ki, o, Çin və digər ölkələrə qarşı proteksionist siyasət həyata keçirərək, ticarət tariflərini artırmaqla “Böyük Amerika Arzusu”nu bərpa edir. Amma praktikada bu siyasətlər inflyasiyanın artmasına, iqtisadi artımın yavaşlamasına və vətəndaşlar arasında narazılığa səbəb olub.
Bunun nəticəsində Trampın reytinqi xeyli aşağı düşüb. Amerikalıların yalnız 44%-i onun iqtisadi idarəçiliyindən razıdır. Və inflyasiyanın səviyyəsi 3%-ə çatıb.Belə bir şəraitdə investorlar ticarət siyasətinin qeyri-sabitliyi səbəbindən uzunmüddətli investisiyalardan yayınırlar.
Digər tərəfdən Federal Ehtiyatın sədri Ceromi Pavell, yeni tariflərin inflyasiyanı artıra və iqtisadi artımı ləngidə biləcəyi barədə xəbərdarlıq etmişdir.
Son etirazlar bəlkə də orta təbəqənin və işçilərin varlı və böyük korporasiyalara üstünlük verən siyasətlərdən narazılığını əks etdirir.
Əslində Trampın iqtisadi qərarları zahirdə ABŞ-ın iqtisadi şəraitinin yaxşılaşdırılması və yerli istehsalın dəstəklənməsi iddiası ilə verilsə də, praktikada rəqabət qabiliyyətinin azalmasına, qiymətlərin artmasına, iqtisadi artımın yavaşlamasına, bazarda qeyri-sabitliyə gətirib çıxarıb. Belə görünür ki, indiki tendensiya davam edərsə, ABŞ inflyasiya ilə müşayiət olunan tənəzzül dövrünə qədəm qoyacaq.
Bütün bunlar Trampın reytinqinin kəskin şəkildə azalmasına səbəb olmaqla yanaşı, həm də Amerikanın dünya ilə münasibətlərini pozmaqdadır və qlobal miqyasda narahatlıqları artırıb. Belə bir şəraitdə Firavan Amerika istəyi Tramp administrasiyası üçün əlçatmaz bir arzu olaraq qalacaqdır.