May 25, 2025 15:09 Asia/Baku
  • İsveç, Fransa və Almaniyada minlərlə insan İsrailin yardım blokadasına, Qəzzəyə hücumlarına etiraz edir

Stokholm, Paris və Berlində minlərlə insan aksiya keçirərək, hökumətlərinin sionist rejimin işğalına, Qəzzədə davam edən hərbi hücumlara səssiz qalmasına öz etirazlarını bildiriblər.

Anadolunun məlumatına görə, Stokholmda yüzlərlə insan, müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının İsveç hökumətindən İsrailin Qəzzədə davam edən hərbi cinayətlərinə qarşı mövqe tutmasını tələb edən çağırışlarına cavab olaraq, Odenplan meydanına toplaşıb.

Etirazçılar “Fələstinə azadlıq” və “Netanyahunun planına yox” şüarları səsləndirərək, İsveç Xarici İşlər Nazirliyinə doğru yürüş ediblər və təcili beynəlxalq müdaxiləyə və Təl-Əvivə qarşı sanksiyalar tətbiq etməyə çağırılar.

Aksiyaya qatılan isveçli fəal Lars Ohli deyib: İsveçin İsrailin fələstinlilərə qarşı soyqırımı qarşısında susması qəbuledilməzdir.

Ohli 50 mindən çox insanın, o cümlədən 15 mindən çox uşağın öldürüldüyünü vurğulayaraq, İsveç hökumətini etnik təmizləmə və Qəzzənin  işğalına qarşı qətiyyətli addımlar atmağa çağırıb.

Parisdə Fələstin tərəfdarları Bours meydanına toplaşaraq, İsrailə qarşı sanksiyaların tətbiq edilməsini və humanitar yardım karvanlarının Qəzzəyə maneəsiz keçməsini tələb ediblər.

Nümayişçilər boş qazan və tavaları döyərək, "İsrail qatildir, Makron şərikdir" və "Qəzzədə soyqırım var, səssiz qalmayacağıq" kimi şüarlar səsləndirərək, Qəzzədə dəhşətli ərzaq qıtlığını vurğulayıblar.

Berlində 1000-ə yaxın insan İsrailin Qəzzəyə hücumlarına etiraz etmək üçün Oranienplatz meydanında toplaşıb.

Etirazçılar “Fələstinə azadlıq”, “Almaniya maliyyələşdirir, İsrail bombalayır”, “İsrail terror dövlətidir”, “Soyqırımı dayandırın” kimi şüarlar səsləndiriblər.

Nümayiş zamanı natiqlər vurğuladılar ki, heç bir şəxsin və ya dövlətin bütöv bir xalqı öz hüquqlarından məhrum etmək, köçürmək və ya öldürmək səlahiyyəti yoxdur. Bəzi yəhudi əsilli almanlar da etiraz aksiyasına dəstək veriblər.