Zaxarova: Dostluq münasibətləri Rusiya və Azərbaycan üçün son dərəcə vacibdir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dostluq əlaqələrinin Moskva və Bakı üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayaraq, deyib: Bu əlaqələri pozmaq istəyənlər öz hərəkətlərinin nəticələri barədə diqqətlə düşünməlidirlər.
TASS-ın məlimatına görə, Zaxarova Rusiyanın Sputnik radiosuna müsahibəsində bildirib ki, hazırda Moskva və Bakı arasında dostluq münasibətlərinə xələl gətirmək istəyənlər heç də az deyillər, amma onlar nə etdikləri barədə yaxşı düşünməlidirlər, çünki dostluq münasibətlərinin qorunması hər iki ölkə üçün son dərəcə vacibdir.
O, Sputnik-in Azərbaycan Respublikasındakı ofisində baş verən son hadisələrə toxunaraq, deyib: “Bu media orqanının fəaliyyət göstərdiyi bütün bu illər ərzində onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşları, bəzən isə Rusiya vətəndaşları olublar və Azərbaycan tərəfinin bu media orqanı ilə bağlı nə format, nə də məzmun baxımından heç bir şikayəti olmayıb”.
Zaxarova etiraf edib ki, Bakı hakimiyyətinin Sputnik Azərbaycan xəbər agentliyinə qarşı son hərəkətləri siyasi mülahizələrlə bağlıdır və media orqanının fəaliyyəti ilə bağlı heç bir narahatlıq yoxdur.
Rusiyalı baş diplomat xatırladıb ki, dünən Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və bu məsələ ilə bağlı etiraz ona bildirilib.
Zaxarova vurğulayıb ki, bu tip hadisələr nəinki iki ölkə arasında ikitərəfli münasibətlərə kömək etmir, həm də onları pisləşdirir.