Sen 30, 2025 14:44 Asia/Baku
  • ABŞ-ın İsrailə silah daşıyan gəmilərinə qadağa tətbiq edildi

İspaniya ABŞ-ın İsrailə silah-sursat və ya hərbi texnika daşıyan təyyarə və ya gəmilərinin iki baza vasitəsilə tranzitini qadağan edib.

"El Pais" qəzeti xəbər verir ki, bu, həm birbaşa İsrailə gedən, həm də aralıq dayanacaqdan sonra son təyinat məntəqəsi İsrail olan gəmilərə aiddir.

İspaniya hökumətinin son qərarı Rota və Moron bazalarından ABŞ gəmiləri və təyyarələrinin İsrailə yönəlmiş silah-yükü ilə keçidinə icazə verilməməsini nəzərdə tutur.

Bu addım əvvəlcə sentyabrın əvvəllərində verilən daha geniş məzmunda bəyan edilmiş silah embarqosu və “İsrailə yönələn silah daşıyan gəmi və təyyarələrin İspaniyanın limanlarına və hava məkanına daxil olmasının” qadağan edilməsi siyasətinin davamıdır.

Madrid bu qərarı əsasən Qəzzədəki soyqırımına reaksiya olaraq İsrailin hərəkətlərinə siyasi-diplomatik təzyiq göstərmək məqsədi ilə izah edir.

İsrail rejimi İspaniyanın qərarını sərt tənqid edib.