Qərb-Rusiya münasibətlərində kritik günlər başlayır
Soyuq müharibənin “isti qarşıdurma”ya çevrilməsi ehtimalı realdırmı? - TƏHLİL
Rusiya ilə Qərb arasında münasibətlər Sovet İttifaqının dağılmasından bəri misli görünməmiş həddə gərginləşib və tərəflər bir-birini provokasiyada ittiham edirlər.
Rusiyanın Ukraynada irəliləyişi, rus dronlarının NATO hava məkanına daxil olması və ABŞ-ın birbaşa Rusiyaya zərbələr endirmə ehtimalı fonunda gərginlik son illərin ən yüksək səviyyəsinə çatıb. Bununla əlaqədar rəsmi Moskva bu qənaətdədir ki, Qərblə qarşıdurma artıq “soyuq müharibə” deyil, “isti toqquşma” mərhələsinə keçib.
Rusiya prezidenti Vladimir Putin son durumu şərh edərkən oktyabrın 2-də XXII Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışında vurğulayıb ki, Qərbin dominant olduğu beynəlxalq mexanizmlər iflasa uğrayıb. Və yeni dünya düzəni artıq Qərbin hegemonluğunu qəbul etmir.
Rusiyanın dövlət başçısı xatırladıb ki, əgər NATO Rusiya Federasiyasının sərhədlərinə bu qədər yaxınlaşmasaydı, bu müharibənin qarşısını almaq mümkün olardı.
Mövcud situasiya onu deməyə əsas verir ki, Rusiya hazırda NATO tərəfindən özünə qarşı vücudi təhdidin olduğunu hiss edir. Bunun nəticəsi olaraq, Putin-Tramp görüşünün nəticəsiz qalması, Şərqi Avropa üzərində rus dronlarının uçması ilə bağlı iddialar və NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya keçə biləcəyi ehtimalı kritik vəziyyət yaradıb.
Ekspertlər bildirirlər ki, ABŞ və NATO Rusiyanın ətrafında gərginliyi qəsdən artırırlar. Konkret olaraq NATO-nun Ukraynaya kəşfiyyat və silah dəstəyi Rusiyada Qərbin mövcud müharibədə birbaşa iştirakı kimi qəbul olunur və bu, qarşılıqlı etimadsızlığı dərinləşdirir.
Şübhəsiz ki, Avropada dron insidentlərinin qabardılması bu provokasiyaların əsas elementidir və Qərbin bəzi dairələrinin ssenariləri ilə üst-üstə düşür.
Əslində NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması son illər gərginliyin başlıca amili olmuşdur. ABŞ-NATO xəttinin “müdafiə” pərdəsi altında atdığı addımlar isə regionda dialoqu əngəlləyir. Bu provokativ davranışlar Avropada təhlükəsizlik strukturlarının mahiyyətini kökdən dəyişərək sülhə mane olur və bu provokasiyaların gətirəcəyi təsirlər təkcə regionda deyil, qlobal təhlükəsizliyə də mənfi təsir göstərəcəkdir.