Okt 27, 2025 13:27 Asia/Baku
  • Avropa və Asiyada Qəzzə xalqı ilə həmrəylik aksiyaları

Sionist rejimin Qəzzəyə hücumlarının davam etdiyi bir vaxtda, Almaniya, Norveç, Fransa, İsveç və Cənubi Koreya da daxil olmaqla bir sıra ölkələrin minlərlə vətəndaşı şənbə və bazar günləri genişmiqyaslı etiraz aksiyaları keçirərək, Fələstin xalqı ilə həmrəyliklərini bildirib, Qəzzə zolağında soyqırımın dayandırılmasını tələb ediblər.

Əl-Cəzirənin məlumatına görə, Almaniyanın paytaxtı Berlində etirazçılar "Ədalət olmadan sülh mümkün deyil" şüarı ilə dünya ictimaiyyətini Qəzzə xalqına qarşı zorakılığa son qoymaq üçün tədbir görməyə çağırıblar. Norveçdə isə etirazçılar Oslo kral sarayının qarşısında əllərində plakatlar tutaraq, ölkə hökumətinin işğalçı sionist rejimlə əlaqələrini kəsməsini tələb ediblər.

Fransada Fələstin tərəfdarı fəallar Parisdəki Şarl de Qoll hava limanında toplaşaraq, İsrailə silah və sursat göndərilməsinə etiraz ediblər. Asiyanın şərqində isə Seul şəhərinin sakinləri etiraz aksiyası keçirərək, ABŞ-ın Qəzzə böhranındakı rolunu pisləyib və müharibəyə son qoyulmasının vacibliyini vurğulayıblar.

Həmçinin İsveçin paytaxtı Stokholmda yüzlərlə insan sionist rejimə və onun baş nazirinə qarşı şüarlar səsləndirərək, İordan çayının qərb sahilinin ilhaqı planına etirazlarını bildiriblər. Etirazçılar "Qatil İsrail, Fələstindən çıx!" və "Qərb Sahilinin ilhaqına Yox !" kimi şüarları ilə parlamentə doğru yürüş ediblər.

Bu etirazlar sionist rejimin HƏMAS-la atəşkəs razılaşmasına baxmayaraq, onu dəfələrlə pozub, Qəzzədə mülki insanları öldürməkdə davam etdiyi bir vaxtda keçirilir.