Noy 26, 2025 15:51 Asia/Baku
  • Tramp: Moskvanın ən böyük güzəşti müharibəni dayandırmağıdır

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna danışıqları ilə bağlı növbəti səs-küylü açıqlama verib.

Donald Tramp bildirib ki, sülh razılaşması üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir, lakin Rusiyanın əsas güzəşti artıq bəllidir-Moskvanın döyüşləri dayandırmağa razı olması.

Jurnalistin “Rusiyanın konkret güzəşti nədən ibarətdir?” sualına cavab olaraq Tramp belə deyib: “Onlar artıq güzəşt edirlər. Onların ən böyük güzəşti döyüşləri dayandırmaları və daha çox ərazi ələ keçirməmələridir”.

Trampın bu fikri Qərb analitikləri arasında geniş rezonans yaradıb. Çünki o, ilk dəfə olaraq Moskvanın “müharibəni dayandırmağa hazır olmasını” Rusiyanın kompromis addımı kimi təqdim edir.

Bu arada CNN-in Ukrayna hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, Kiyev ABŞ-ın müharibənin dayandırılması ilə bağlı təklif etdiyi geniş sülh planının əksər hissəsini qəbul etməyə hazırdır, lakin sənəddəki üç əsas maddəyə qəti şəkildə etiraz edir. Belə ki, Kiyev ordunu 600 min nəfərlə məhdudlaşdırmaq və ya başqa hər hansı limit qoymaq niyyətində deyil, NATO üzvlüyündən imtina bəndini tamamilə rədd edir və işğal altındakı torpaqlardan imtina etməyə hazır deyil.