BMT Suriyada baş vermiş terror hücumunu pisləyib
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Suriyanın mərkəzində yerləşən Homs şəhərində bir məscidə qarşı törədilmiş ölümcül terror hücumunu kəskin şəkildə pisləyib və bildirib ki, mülki şəxslərə və dini məkanlara qarşı hücumlar qəbuledilməzdir.
Quterreş bu hücuma görə məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunmasını tələb edib.
O deyib: "Mülki şəxslərə və dini məkanlara qarşı hücumlar qəbuledilməzdir. Cavabdehlik zəruridir".
BMT-nin baş katibi qeyd edib ki, Suriya rəsmiləri də bu hücumu pisləyib və terrorizmlə mübarizəyə sadiq olduqlarını bildiriblər.
Quterreş qurbanların ailələrinə başsağlığı verib, yaralananlarla həmrəylik ifadə edib və onlara tezliklə tam sağalma arzulayıb.
Homs şəhərindəki yerli mənbələr bildiriblər ki, bu terror partlayışı dünən günorta İmam Əli (ə) məscidində, Vadiz əl-Zəhəb məhəlləsində baş verib və ilkin məlumatlara görə, bu, cümə namazı zamanı həyata keçirilmiş kamikadze hücumu olub.
Suriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu partlayış nəticəsində indiyədək 8 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Hələlik heç bir şəxs və ya qrup bu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.