Kuşner və Bin Salmanın gizli danışığının detalları üzə çıxıb;
Amerikanın «Nyu-Yorker» nəşri 2017-ci ildə Cared Kuşner və Məhəmməd bin Salmanın əlaqələri, həmçinin Vaşinqtonun Səudiyyə Ərəbistanında varislik dəyişikliyində mümkün rolu barədə təfərrüatları yayıb.
«Nyu-Yorker»in məlumatına görə, ABŞ prezidenti Donald Trampın həmin dövrdəki kürəkəni və müşaviri Cared Kuşnerlə Məhəmməd bin Salman arasında keçirilən məxfi telefon danışığında Məhəmməd bin Nayifin Səudiyyə Ərəbistanının vəliəhdliyindən kənarlaşdırılması planı müzakirə olunub.Məlumatda regionda fəaliyyət göstərmiş keçmiş kəşfiyyat rəsmisinə istinadən bildirilir ki, Kuşner Bin Salmana deyib ki, ABŞ hökumətində, kəşfiyyat xidmətləri istisna olmaqla, bütün şəxslər onu dəstəkləyirlər. Bu mesaj Vaşinqtonun Bin Nayifə qarşı addım atılması üçün yaşıl işıq yandırması kimi şərh edilib.Məhəmməd bin Salman 2017-ci ilin iyununda Məhəmməd bin Nayifin yerini tutaraq, Səudiyyə Ərəbistanının vəliəhdi oldu. Sonradan üzə çıxan məlumatlar göstərir ki, bu dəyişiklik hakimiyyətin ötürülməsi prosesində təzyiq və ixtilaflar nəticəsində baş verib.