Lavrov: Nüvə müzakirələrində diqqəti cəlb edəcək irəliləyişlər var
İyul 08, 2015 08:26 Asia/Baku
Rusiya xarici işlər naziri İran və 5+1 Qrupu arasında nüvə müzakirələrində diqqəti cəlb edəcək irəliləyişlərin əldə olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Sergey Lavrov bu gün jurnalistlərə verdiyi açıqlamada İran və Altılıq qrupunun yekun nöqtəyə çatdıqlarını və yekun anlaşmanın əldə olunmasına azacıq məsafənin qaldığını bildirərək əlavə edib: Yalnız 10-dan az məsələni yoluna qoymaq qalıb. Xarici işlər nazirlərinin müavinləri və siyasi direktorlar gələn iki gündə bu məsələlər barədə müzakirə aparacaqlar.Lavrovun sözlərinə görə, bütün tərəflər diqqətlərini yekun anlaşmanın əldə olunmasına yönəldiblər. Yetərli şərait vardır ki, İranın nüvə proqramı barədə bu anlaşmanın əldə olunmasını arxayınlıqla söyləyək.
Rusiya xarici işlər naziri sanksiyalar barəsində də deyib: Ümumilikdə anlaşma əldə etdik ki, sanksiyaların əsas hissəsi ləğv olunsun. Əlbəttə aydındır ki, bu iş yekun anlaşma əldə olunduqdan və əlaqədar qətnamə BMT Təhlükəsizlik Şurasında təsdiqləndikdən bir gün sonra baş verməlidir.
Lavrovun sözlərinə görə, İranın nüvə proqramında ehtimal olunan hərbi cəhətlərlə əlaqədar məsələlər həll olunub və bununla bağlı yalnız bir neçə məsələ tənzimlənməlidir.
Rusiya xarici işlər naziri sonda həmçinin deyib: İran və Altılıq qrupu arasında yekun anlaşmada BMT Təhlükəsizlik Şurasında anlaşmaların icrası barəsində şikayətlərin araşdırılması üçün qaydaların yaradılması nəzərdə tutulacaq.