Röyters: Obama dövləti İrana qarşı sanksiyaların qüvvədə qaldığını bildirib
Okt 10, 2015 10:59 Asia/Baku
ABŞ prezidenti Barak Obama İran ilə altılıq arasında razılaşmanın imzalanmasına rəğmən, İrana qarşı sanksiyaların qüvvədə qaldığını xarici ölkələrin dövlətləri və Amerika banklarının nəzərinə çatdırıb.
Fars xəbər agentliyinin məlumatına görə, ABŞ prezidenti Barak Obama gizli şəkildə İrana qarşı sanksiyaların qüvvədə qaldığını xarici dövlətlərə və banklara xatırladıb.Röyters diplomatik və dövlət mənbələrinə istinadla yazıb ki, Amerika son zamanlar bütün dünyadakı səfirliklərinə göndərdiyi müraciətdə İrana qarşı sanksiyaların qüvvədə qaldığını vurğulayıb.
Bu mənbələr deyirlər ki, ABŞ Dövlət Departamenti həmin mesajda bildirir ki, agentlik İranın razılaşma üzrə öhdəliklərinə sadiq qaldığını təsdiq edənədək İrana qarşı sanksiyalar qüvvədə qalacaq.
Londondakı bir diplomatik mənbə deyib: Amerika dövlətlərə demək istəyir ki, İranla alver üçün özbaşına hərəkət etməsinlər.
Hələ məlum deyildir ki, İrana qarşı Qərb sanksiyaları haçan ləğv olunacaq, amma bəzi ekspertlər deyirlər ki, İranla beynəlxalq maliyyə mübadilələri bu ölkənin öz öhdəliklərinə sadiq qaldığının sübut olunacağı halda, gələn il müyəssər olacaq.
Son aylarda müxtəlif ölkələrdən İrana iqtisadi heyətlərin səfərlərindən əlavə, dünyanın böyük neft şirkətlərinin başçıları ilə İranın enerji rəsmiləri arasında danışıqlar həyata keçirilib.