Talibanın yeni başçısı: Heybətullah Axundzadə
-
Heybətullah Axundzadə
4 günlük sükutun ardınca Taliban bir bəyanat yayaraq, bu qruplaşmanın başçısı Molla Əxtər Mənsurun ölüm xəbərini təsdiq edərək, Heybətullah Axundzadənin qruplaşmanın yeni başçısı seçildiyini elan etdi. Axundzadə bundan öncə, Talibanın hakimiyyətdə olduğu dövrdə Əfqanıstanın ədliyyə naziri və Talibanın başçısı Molla Əxtər Mənsurun müavini olub.
İndi Heybətullah Axundzadənin Talibanın yeni başçısı və Talibanın radikal üzvlərindən olan Siracəddin Həqqaninin onun müavini seçilməsi ilə, Talibanı nə kimi bir gələcəyin gözlədiyini zaman söyləyəcək.
Əfqanıstan məsələləri üzrə ekspertlərin dediklərinə görə, Talibanın parçalanması ehtimalı hər zaman olduğundan daha güclüdür. Çünki, Molla Əxtər Məmməd Mənsur daha çox siyasi anlaşmalara önəm verən bir şəxs idi. Talibanın Qatarda ofis açması da bu şəxsin təşəbbüskarlıqlarından idi. Buna görə də Talibanın radikal üzvlərinin tənqidlərinə məruz qalmışdı.
Ekspertlərin dediklərinə görə, Molla Əxtər Məmməd Mənsurun ölümündən sonra, radikal və ifratçı qüvvələr Talibanda daha artıq söz sahibi olacaqlar.
Buna baxmayaraq Əfqanıstan rəsmiləri və bəzi ekspertlər Molla Əxtər Məmməd Mənsuru silahlı mübarizəyə meylli bir şəxs olduğu üçün, sülhə gedən yolda böyük maneə hesab edirdilər. İndi, onun ölümü ilə sülhə aparan yolun daha aydın perspektivə malik olduğunu deyirlər.
Bəzi ekspertlərin dediklərinə görə isə, Səracəddin Həqqani istisna olmaqla, Taliban qruplaşmasının başçıları arasında Əfqanıstan rəsmiləri ilə sülh müzakirələrini davam etdirə biləcək şəxslər var. Onlar zorakılıqlar və kobudluqların durdurulmasını daha çox istəyirlər.
Deyilənlərə görə Axundzadə Taliban ağsaqqalları arasında əldə olunan gizli anlaşmanın ardınca bu qruplaşmanın başına gətirilib.
Taliban bugünkü bəyanatında sülh müzakirələrini zorla qəbul etdirilmiş təklif adlandırıb və Əfqanıstanda silahlı mübarizənin davamına təkid edib.