İyun 30, 2016 12:31 Asia/Baku
  • Ərdoğan:
    Ərdoğan: "Rusiya ilə münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Putinlə razılığa gəldik”

“Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər: “Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”.

Kremlin Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışığı barədə yaydığı məlumatda deyilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.

Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla yanaşı Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Teqlər