Anti-İslam düşüncə Myanma buddistlərini ikiyə bölür
-
Anti-İslam düşüncə Myanma buddistlərini ikiyə bölür
Myanmada budda rahibləri etnik və dini ixtilaflar və ayrıseçkiliklərə rəvac verən budda rahibi ətrafında cərəyan edən fikir ayrılıqlarına görə ikiyə bölünür.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Mendli şəhəri Myanmanın şimal hissəsində dini mərkəz sayılır. Amma, bu şəhərin zahirdə gözəl və sakit simaya malik olan məbədlərində gizli ixtilaf odu alovlanmaqdadır.
Mendli şəhərindəki budda məbədlərinin birində şəhərin ən qorxunc və təhlükəli varlığı həyat sürür. Bu şəxs o qədər böyük şöhrətə malikdir ki, məbədin bütün divarları onun təsvirləri ilə bəzədilib. Aşin Virato ifratçı millətçi bir rahib olaraq Myanmada etnik və dini zəmində ixtilaflara rəvac verməsi ilə məşhurlaşıb. Buna görə də Virato terrorçu elan edilib. O, öz çıxışlarında Ruhinqa müsəlmanları əleyhinə nifrət və düşmənçilik aşıladığı üçün bir müddət həbsdə yatıb. Virato artıq sosial şəbəkələrdə də fəaliyyət göstərir. Myanmanın yeni hökuməti isə onu Ruhinqa müsəlmanlarına qarşı etnik və dini zəmində nifrət hisləri yaymaqda ittiham edir.
Aşin Virato deyir: Gerçək olan budur ki, onlar bizim ölkədən deyillər. Onlar mühacirdirlər və öz nəsillərini artırmaqla ölkəmizdə kök atmağa çalışırlar.
Myanmada çoxluqda olan buddistlər ilə azlıqda olan müsəlmanlar arasında indiyə qədər bir çox toqquşma baş verib. Minlərlə Ruhinqa müsəlmanı qaçqın düşərgələrində yaşamağa məcburdur. Onların vətəni yoxdur. Yoxsulluğa məhkum edilmiş Ruhinqa müsəlmanları Myanmadan qaçmağa çalışırlar. Bu da məntəqədə ciddi bir insan böhranı yaradıb. Bu böhran üçün hələ ki, heç bir həll yolu yoxdur. Beynəlxalq ictimaiyyət Myanma dövlətini bu böhran qarşısında passiv rəftar etməkdə qınayır.
Mendli şəhərində isə insanlar sakitlik istəyir.
Mendli şəhərinin sakini olan bir qadın deyir: Mən belə düşünürəm ki, onlar dindən bir vasitə kimi istifadə edirlər. Biz, bir-birimizi dərk etməyə çalışmalıyıq.
Başqa bir qadın isə deyir: Onlar bizimlə eyni dindən və millətdən olmasalar da, biz bir-birimizin kənarında yaşaya bilərik.
Amma, Aşin Virato məbədinin rahibləri fərqli düşüncələri aşılamaqla məşğuldurlar. Bu məbəddə sülh üçün mübarizə apardıqlarını deyən rahiblər arasında nifrət və düşmənçilik dərin köklərə malikdir.