Bəhreyn İngiltərədəki bir müəssisəyə 25 milyon funt-sterlinq rüşvət verib
Mövcud sənədlərə əsasən, İngiltərədəki bir araşdırma mərkəzi Bəhreyn rejimindən 25 milyon funt-sterlinq rüşvət alıb.
Əlaləm telekanalının məlumatına görə, Londonda çıxan Qardian qəzetində dərc olunmuş bu gizli sənədlər göstərir ki, Bəhreyndəki qəddar hökmranlar həmin məbləği beş il müddətinə Londonda yerləşən Strateji Araşdırmalar üzrə Beynəlxalq Müəssisə- IISS-ə veriblər.
Bu sənədlər həmçinin göstərir ki, həmin beynəlxalq müəssisə bir çox maliyyə köməklərinin gizliliyini qorumaq üzrə bütün lazımi addımlarda Bəhreynin xanədanı ilə razılaşıbdır.
Bu istiqamətdə Bəhreyn kralı Həməd Bin İsa Ali Xəlifə son zamanlar Manamada keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurasının sammitində İngiltərənin ərəb rejimlərinə verdiyi dəstəkləri alqışlayıb.
İngiltərə Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələrinə, o sıradan Ərəbistan və Bəhreynə həmin ölkələrin xalqlarını yatırmaq üçün onlarla milyard dollarlıq silah satıbdır.
İngiltərədəki vətəndaş qrupları Bəhreyn xalqını yatırmağı himayə etməsinə görə, İngiltərə dövlətini məzəmmət ediblər.
Bəhreyn xalqı 2011-ci ilin fevralından öz ölkəsində siyasi islahatlar, azadlıq, ədalət, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi daim repressiya ilə onların etirazlarını cavablandırır.