Ban Ki Mun rüşvət almasına dair ittihamları rədd etdi
-
Ban Ki Mun rüşvət almasına dair ittihamları rədd etdi
BMT-nin baş katibi Ban Ki Mun, Cənubi Koreyanın impiçment edilmiş prezidenti Park Quin Heylə bağlı yaşanan rüsvayçılığın ardınca, Cənubi Koreyada prezidentliyə əsas namizədlərdən biri sayılan şəxs qismində, bu ölkənin xarici işlər naziri olduğu dövrdə adının rüşvət qalmaqalına qarışması ilə bağlı ittihamları rədd edib.
SİSA nəşrinin yazdığına görə, Cənubi Koreyanın sabiq prezidenti Roh Moo Hyunun yaxın köməkçiləri və ailə üzvlərinin adlarının qarışdığı korrupsiya işində əsas müttəhimlərdən biri sayılan koreyalı iş adamı Park Yeon Ça BMT-nin baş katibi Ban Ki Munun Cənubi Koreyanın xarici işlər naziri olduğu zamanlar rüşvət aldığını deyib.
Ban Ki Mun isə bu barədə verdiyi açıqlamada barəsində səsləndirilən ittihamları yalan və əsassız adlandırıb və SİSA nəşrinin belə bir informasiyanı yaymasına görə üzr istəməsini tələb edib.
Bu məlumata görə, Ban Ki Mun Cənubi Koreyanın xarici işlər naziri olduğu zamanlar bir koreyalı sərmayə sahibindən 230 000 dollar məbləğində rüşvət alıb.
Bu arada minlərlə nəfər şənbə günü axşam Cənubi Koreyanın impiçment edilmiş prezidenti Park Quin Heyə qarşı etiraz aksiyasında iştirak edərək, adı korrupsiya qalmaqalına qarışan prezidentin kənarlaşdırılması və həbs edilməsini tələb edib.