Ərdoğan: Əlbab əməliyyatı tezliklə sona çatacaq
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti deyir ki, Suriyanın Əlbab şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunması üzrə Türkiyə ordusunun əməliyyatı tezliklə sona çatacaq.
Rəcəb Tayyib Ərdoğan çərşənbə günü televiziya çıxışında əlavə məlumat vermədən deyib: Ankara Suriyanın digər bölgələri, o cümlədən Mənbic şəhərini azad etmək niyyətindədir.
Ərdoğan deyib: Biz terrorçu təşkilatların nəzarət etdiyi digər bölgələr, xüsusilə də Mənbicin azad olunmasında ciddiyik.
Suriyanın şimalında və Türkiyə sərhədi yaxınlığında yerləşən Mənbic hazırda Amerikanın dəstəklədiyi kürd yaraqlıların nəzarətindədir. Kürd yaraqlılar ötən yayda İŞİD terrorçulrının çıxması ardınca bu şəhəri nəzarətə götürdülər.
Ankara Suriya ərazisində Fərat Qalxanı əməliyyatını suriyalı müxaliflərin iştirakı ilə 25 avqustda başlayıb. Bu əməliyyatda məqsədi Suriyanın şimal sərhəd bölgələrini İŞİD-in işğalından azad etmək və Türkiyəyə müxalif kürd qüvvələrin nəzarətinə son qoymaq elan olunub.
Türkiyə hökuməti bundan öncə bildirmişdi ki, Ankaranın terror qruplaşmaları adlandırdığı bütün qrupları məhv edənə qədər öz əməliyyatını davam etdirəcək.
Ərdoğan söhbətinin digər bir hissəsində deyib: Həyat tərzindəki ixtilafı İstanbulda gecə klubuna qarşı hücumla əlaqələndirmək Türkiyə vətəndaşları arasında ixtilaf yaratmaq məqsədilə qəsdən atılan addımdır.
Ərdoğan deyib: Türkiyədə heç kimin həyat tərzi məqsədli şəkildə hədələnmir. Biz heç vaxt bu hadisənin baş verməsinə icazə verməyəcəyik.
Bazar gecə yeni il başlandıqdan bir neçə saat sonra silahlı bir şəxs İstanbulda gecə klubuna basqın edib. Bu hücumda 39 nəfər həlak olub, onlarla nəfər yaralanıb. İŞİD terror qruplaşması bu hücumun məsuliyyətini üzərinə götürüb.