Türkiyə Almaniyada toplantılardan vaz keçdi
Ankara çərşənbə axşamı günü 16 aprel referendumuna qədər Almaniyada proqramlaşdırılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının bütün toplantılarını ləğv edib.
İRİB-in məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici koordinasiya mərkəzinin sözçüsü bildirib: Almaniyada nəzərdə tutulan bütün toplantılar ləğv olunub.
Türkiyə ilə Avropanın bir neçə ölkəsi, xüsusilə Almaniya arasında ciddi böhrandan bir neçə həftə sonra, Ankaranın bu addımı təskinləşdirici addım hesab olunur.
Türkiyə rəsmilərinin Avropanın müxtəlif ölkələrində çıxış etmək məsələsi son günlərdə bu ölkə dövlətlərinin mənfi reaksiyası ilə üzləşib.
Avropa ölkələri, o cümlədən Almaniya, Hollandiya, Avstriya və İsveçrə rəsmiləri Türkiyə rəsmilərinə təbliğat mitinqi və çıxış etmək icazəsi verməyəcəklərini bildiriblər və bu məsələ bu ölkələrlə Türkiyə arasında gərginliyin yaranması ilə nəticələnib.
Türkiyədə Parlament sistemindən prezident üsul idarəsinə keçid iliə əlaqədar konstitusiyanın 18 maddəsinə dəyişiklik üzrə referendum 16 apreldə keçiriləcək.
Təklif olunan dəyişikliklərə əsasən, parlament sistemindən prezident üsul idarəsinə keçiddən əlavə, Türkiyə prezidenti öz partiyası ilə əlaqəsini qoruya və bu ölkənin ən yüksək ədliyyə heyətlərində dəyişiklik edə bilər.
Avropalıların qənaətincə, Ərdoğan Türkiyəni diktaturaya doğru yönəldir.