Macarıstan Parlamentinin qərarı xalqı ayağa qaldırdı
Macarıstan Parlamentinin Mərkəzi Avropa Universitetinin bu ölkədən köçürülməsinə səbəb ola biləcək son qərarına etiraz olaraq, on minlərlə macar bazar günü paytaxt Budapeştdə təşkil edilmiş yürüşdə iştirak edib.
İRİB-nin verdiyi məlumata görə, aksiya iştirakçıları Macarıstan prezidenti Anuş Aderin Parlamentin qərarını veto etməsini istəyiblər.
Viktor Urbanın rəhbərlik etdiyi sağçı partiyanın nəzarəti altında olan Macarıstan Parlamenti Mərkəzi Avropa Universitetinin fəaliyyəti ilə bağlı qaydaları xeyli çətinləşdirib. Parlamentin bu qərarı Avropa və Amerika başda olmaqla dünya universitetlərinin tanınmış müəllimlərinin ciddi tənqidlərinə yol açıb.
Macarıstan prezidenti bazar ertəsi günü bu qanun layihəsini imzalamalıdır. Prezidentin imzalamasından sonra bu qanun qüvvəyə minmiş olacaq.