Merkel etiraf etdi: G20 başçıları arasında fikir ayrılığı var
Almaniya kansleri Angela Merkel G20 sammiti ərəfəsində üzv ölkələr arasında ixtilafların olduğunu deyərək, dünya məsələləri üçün həll yolunun tapılmasını zəruri adlandırıb.
İRİB-nin verdiyi məlumata görə, Angela Merkel cümə axşamı Hamburqda keçiriləcək G20 sammiti ərəfəsində deyib: Üzv ölkələr arasında əsaslı ixtilaflar var və Hamburq iclasının bu ixtilafları həll etmək üçün münasib atmosferə malik olacağına ümid edirəm.
Almaniya kansleri əlavə edib: Bizim qənaətimizə görə, problemləri həll etmək lazımdır. Dünyamız hazırda bir çox problem ilə üz-üzədir. Bu problemlər üçün həll yollarının tapılmasına səy göstərmək lazımdır.
Merkel əlavə edib: Aramızdakı ixtilafları ört-basdır etmək istəmirik. Əksinə, bu ixtilafları gündəmə gətirib, həll etmək lazımdır. Çünki, bəzi məsələlərlə bağlı fərqli baxışlar var.
Almaniya kansleri həmçinin deyib: Dünyanın iqtisadi inkişafı və dünya bazarlarındakı qanunlar hələ də əsas məsələlərdən sayılır və uğurlu bir qloballaşma üçün Azad Ticarət məsələsi böyük əhəmiyyət daşıyır. Buna görə də, iqlim dəyişiklikləri kimi məsələlərin yanaşında əsas məsələlərdən sayılır.
G20 sammiti cümə günü Almaniyanın Hamburq şəhərində işə başlayacaq.