Misirdə Şərqi Türküstandan olan yüzlərlə müsəlman tələbə həbs edildi; Çin prezidentinin sifarişi ilə
Misir hökuməti bu ölkədə təhsil alan yüzlərlə Şərqi Türküstanlı müsəlman tələbəni həbs etməsindən xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, Misirin təhlükəsizlik qüvvələri təqribən 500 Şərqi Türküstanlı müsəlman tələbəni Çin prezidenti Şi Cin Pinqin Misirə olan son səfərinin ardınca həbs edib. Bu tələbələrin Çinə deportasiya ediləcəkləri bildirilir.
Şərqi Türküstanlı tələbələrin çoxu qaldıqları Nəsr şəhərində həbs ediliblər. Bəzi tələbələr isə Qahirə hava limanında saxlanılıblar.
Çin dövləti Şərqi Türküstanlı tələbələrdən, geriyə, Şərqi Türküstana qayıtmalarını istəmişdi. Əks təqdirdə, onları ailə üzvlərinin həbs ediləcəyi ilə təhdid etmişdi.
Şərqi Türküstan "Böyük Türküstan"ın bir parçasıdır və Çinin Sinkpanq vilayətində yerləşir. Əhalisinin müsəlman olmasına görə, Şərqi Türküstan Çin hökumətinin zülmü altında əzilir. Çİndə kommunist rejimi bölgədə öz hakimiyyəti qarşısında duran ən böyük maneənin İslam dini və Şərqi Türküstanın müsəlman əhalisinin dini inancları olduğuna inanır.
Şərqi Türküstanın yerli əhalisi olan Uyğur türklərinin öz dili və dinindən məhrum edilməsi üzrə ən ağır zorakılıqlar 1966-1976-cı illərdə Mao-nun diktatorluğu zamanına təsadüf edir. O zaman "Mədəni İnqilab" adı altında Şərqi Türküstanda olan bütün məscidlər dağıdıldı, insanların kütləvi ibadətinə qadağa tətbiq edildi. Quran kursları ləğv edildi və əhalinin tərkibini dəyişmək üçün çinli ailələr bölgəyə yerləşdirildi. Din alimlərinin insanları maarifləndirməsi qadağan edildi və Uyğur məktəblərində İslam Dini ilə bağlı dərslər ləğv edildi. Bütün bunlara baxmayaraq, hələ də Şərqi Türküstanın müsəlman əhalisi öz dini inanclarını qorumağı bacarıb.
1949-1979-cu illərdə Şərqi Türküstanda 29 0000 məscid dağıdılıb, 54 000 ruhani katorqalara göndərilib. Və sadəcə Urumçidə 370 000 Quran-Kərim yandırılaraq, məhv edilib. 1997-ci ildən bəri Hoten bölgəsində 1200 məscidin fəaliyyətinə son qoyulmuş və bir çoxu Kommunist Partiyasının ofisinə çevrilmişdir. Cümə namazlarında xütbələrin oxunması qadağan edilmişdir.