İyul 07, 2017 19:31 Asia/Baku
  • Qətərlə dörd ərəb ölkəsi arasında böhran dərinləşir

Qətərin Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirliklərinin şərtlərinə cavabı bu ölkələri qəzəbləndirib. Bu dörd ölkə yeni bəyanatda bildirib ki, Qətərə təzyiqləri artıracaqlar.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin tələblərinə Qətərin cavabından sonra böhran şiddətlənib. Qətər əleyhinə birləşən dörd ərəb ölkəsi 13 şərtə Qətərin yazılı cavabından sonra çərşənbə günü Qahirədə xarici işlər nazirləri səviyyəsində iclas keçirərək bəyanat vermişdi. 4 ölkə 2-ci bəyanatda reaksiyaları daha da sərtləşdirdi.

Misirli sosioloq Əmmar Əli Həsən Əl-Hədəs televiziyası ilə müsahibədə deyib: Nazirlərin çərşənbə günkü bəyanatı sadəcə bir cavab və ümumi əlaqələr çərçivəsində idi. Amma yeni bəyanat və təyin olunmuş fürsətdən istifadə etməmək haqda xəbərdarlıq daha sərt ölçülərin götürülməsi üçün şəraitin yaranması mənasındadır. Bu isə siyasi, iqtisadi, təhlükəsizlik ya da bundan daha geniş ola bilər.

Qətər əleyhinə dörd ölkə bəyanatlarında Qətərin onların tələblərinə qarşı çıxmasını, Dohanın terrorizmlə əlaqədə olması, Qətərin Fars körfəzi ətrafında destabillik və gərginlik yaradan təxribatçı hərəkətlərini davam etdirməsi anlamında qiymətləndirib və böhranın həlli üzrə diplomatik səylərin məğlubiyyətini Qətərin üzərinə atıb.

Küveytli ekspert Ayid əl-Məna televiziya müsahibəsində bildirib: Qətərin maliyyə naziri deyib ki, Doha öz dosyelərini Almaniyanın təhlükəsizlik xidmətinin üzünə açmağa hazırdır. Qətər bu dosyeləri Almaniyanın təhlükəsizlik xidmətinin üzünə açmağı hazır olduğunu elan edirsə, nə üçün bu dosyeləri ərəb dostlarının üzünə aça və yaranan problemə son qoya bilmir?

Bütün nişanələrin Qətərlə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn arasında böhranın şiddətləndiyini əks etdirdiyi halda, ABŞ Dövlət Departamentinin sözçüsü  Qətərlə digər ərəb ölkələri arasında münaqişənin uzun zaman davam edəcəyini, hətta şiddətlənəcəyini ehtimal edib. ABŞ-ın müdafiə naziri Ceyms Mattis qətərli həmkarı Xalid əl-Ətiyyə ilə telefon əlaqəsi saxlayıb və deyib: ABŞ və Qətər arasında strateji əməkdaşlıq davam edəcək. Qətər xarici işlər naziri də CNN-lə müsahibədə təkrar olaraq deyib ki, ölkəsi beynəlxalq qaydalara zidd tələblərə boyun əyməyəcək.

Qətərin Əl-Ərəb qəzetinin baş redaktoru Abdulla Bin Həməd deyib: Qətərin seçimləri mümkün hər bir şəraitdə təslim olmamaqdır. Qətər xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Saninin dediyi kimi, biz ən pis seçimlərə hazırıq. Əgər onlar iqtisadi sektorda Qətəri mühasirəyə ala bilirlərsə və ya Ərəbistan qurudan Qətəri mühasirəyə sala bilirsə, İranın öz səmasını Qətərin üzünə açdığının şahidiyik. Yəni həmin yolu ərəb dostlarımız bizim üzümüzə bağlayıblar.

Bütün bu hallarla, Ərəbistanın Şərqül-Ousət qəzeti tarixi bir hadisəni xatırlayaraq yazıb: Qətərin dörd ərəb ölkəsinin şərtlərinə qarşı çıxmasına inanmayın. Qətər gizlincə geri çəkiləcək. Necə ki, 2013-cü ildə bunu etdi. Amma görəsən bu dəfə daha artıq israrlı olan Qətər sərvətinə və əlaqələrinə arxalanaraq təzyiqlərə dözə biləcək və geri çəkilməyəcək, yoxsa Amerika-Ərəbistanın regional oyunu prosesi başqa şəkildə formalaşdıracaq.

 

Teqlər