Avq 03, 2017 19:41 Asia/Baku
  • ABŞ Ukraynanı silahlandırır
    ABŞ Ukraynanı silahlandırır

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni modern silahların verilməsi məsələsini araşdırmasından xəbər verib.

Son günlər Ukraynanın şərqində hökumət qüvvələri ilə müxalifləri arasında silahlı toqquşmaların intensiv hal almağa başladığı bir şəraitdə, Pentaqon Kiyevə yeni modern silahların verilməsi məsələsinin araşdırılmasından xəbər verib. ABŞ-ın Rusiya əleyhinə geniş sanksiyaları və NATO-nun Gürcüstandakı hərbi təlimləri ilə bir zamana təsadüf edən bu məsələ heç də təsadüfi hesab olunmur.

Pentaqon Ukraynaya yeni modern silahların verilməsi proqramından xəbər verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Kiyevə yarım ağır silahlar və hərbi təchizatların təhvil verilməsi məsələsinin araşdırılmaqda olduğunu bildirib.

Ukraynada vətəndaş müharibəsinin başlandığı zamandan Vaşinqton bu ölkəyə modern silahların göndərilməsini müsbət qarşılayaraq, Ukraynanın şərqində yaşanan böhranın həll edilməsi üçün bu addımı zəruri adlandırıb.

Ötən həftələr ərzində Donbas vilayətində toqquşmalar yenidən alovlanıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Ukraynanın şərqində atəşkəsin intensiv şəkildə pozlmasından xəbər verib. Belə ki, sadəcə 24 saat ərzində Ukraynanın şərqində 200 partlayış qeydə alınıb.

Ukrayna ordusu isə bu günlər Gürcüstanda NATO-nun hərbi təlimlərində iştirak edir. ABŞ ordusu ilk dəfə olaraq bu hərbi təlimlərdə “Abrams” tanklarından və S-130 qırıcılarından istifadə edir. Ukrayna müdafiə nazirliyi həmçinin gələn ay ABŞ ilə birlikdə “Rapid Trident” adlı birgə hərbi manevrin keçiriləcəyindən xəbər verib. Bu hərbi təlimlərin keçirilməsində məqsədin  Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması oldğu bildirilib. 

 

Teqlər