Kim Çen İn Şimali Koreya ordusunun hazır olmasını istədi
Şimali Koreya lideri ölkə ordusuna göstəriş verib ki, istənilən raket hücumuna hazır olsun.
Şimali Koreyanın rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, Kim Çen İn ölkənin hərbi komandanları ilə keçirilən fövqəladə iclasda Sakit okeanda Quam adasında hücum layihəsi haqda məlumat alıb.
Şimali Koreya lideri bu iclasda bildirib ki, ABŞ Pxenyanla qarşıdurmanın qarşısını almaq üçün düzgün seçimi etməlidir.
Kim Çen İn həmçinin Şimali Koreya ordusu hərbi komandanlarına zərurilik hiss olunduğu halda hücum üçün ordunun hazır vəziyyətə gətirilməsi göstərişini verib.
Pxenyan 10 avqustda bildirib ki, bu ayın ortalarına qədər Quam adasında ABŞ-ın strateji bombardmançılar bazasına hücum planını yekunlaşdıracaq və bu planın icrası haqda qərarın verilməsi üçün Şimali Koreya liderinə məlumat veriləcək.
Quam Sakit okeanın qərbində ABŞ-ın mülkiyyətində olan adadır və çoxlu miqdarda hərbi silah-sursat və amerikalı hərbçi yerləşdirilmişdir.
ABŞ və Şimali Koreya arasında gərginlik son günlərdə ABŞ prezidenti Donald Trampın avantürist hərəkətlərinə görə daha da sərtləşmişdir. Tramp ötən çərşənbə axşamı günü Şimali Koreyanı hərbi hücumla hədələyib.