Myanma Raxin əyalətində Türkiyənin 1000 ton humanitar yardımı paylaması ilə razılaşıb
Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Myanma hökumətinin ruhingiyalı müsəlmanlar arasında ilk xarici humanitar yardım olaraq Türkiyənin min ton humanitar yardımının paylanması ilə razılaşdığını bildirib.
İRNA-nın məlumatına görə, İbrahim Kalın bildirib: Çərşənbə axşamı günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Myanma xarici işlər naziri Anq San Su Suçi ilə telefon söhbətindən sonra Türkiyənin humanitar yardımlarının Raxin vilayətinə daxil olmasına icazə verilib.
İbrahim Kalın Türkiyənin min tonluq humanitar yardımının ruhingiyalı müsəlman didərginlərə göndərilməsinə toxunaraq deyib: Bu yardımlar Myanma ordusu və radikal buddistlərin hücumları səbəbi ilə öz ev-eşikləri və kəndlərini tərk etməyə məcbur olan minlərlə ailəyə paylanacaq.
25 avqustdan indiyə qədər Myanma ordusu və radikal buddistlərin Raxin əyalətində ruhingiyalı müsəlmanlara hücumlarında azı 400 nəfər həlak olub.
Bu müddət ərzində təxminən 100 min ruhingiyalı müsəlman Myanma təhlükəsizlik qüvvələrinin zorakılıqları nəticəsində öz ev-eşiklərini tərk etmiş və Banqladeşə qaçmışlar.
Myanma hökuməti təxminən bir milyon ruhingiyalı müsəlmanı qeyri-qanuni miqrant hesab edir və onlara heç bir vətəndaşlıq hüququ vermir.