Rohinqya müsəlmanlarının acınacaqlı durumu
Beynəlxalq KİV bu günlər Myanma ordusu tərəfindən kütləvi zorakılığa məruz qaldığı üçün Banqladeş sərhədlərinə sığınan Rohinqya müsəlmanlarının acınacaqlı durumu ilə bağlı təsvirlər yayırlar.
Myanma dövləti bu ölkənin Raxin vilayətində yaşayan 1 milyon 100 min Rohinqya müsəlmanını bu ölkə vətəndaşı hesab etmir və onlara bu ölkədə yaşamaq haqqı tanımır.
Myanma dövləti həmçinin, BMT və müstəqil mənbələr tərəfindən ötən bir neçə gündə mindən çox müsəlmanın amansız şəkildə qətlə yetirilməsi ilə bağlı hesabatlarını rədd edir. Eyni zamanda, baş verənlərlə bağlı araşdırmaların aparılması üçün beynəlxalq və müstəqil faktaraşdırıcı heyətlərin Myanmaya səfər etməsinə icazə vermir.
BMT ötən gün bir hesabat yayaraq, ötən ilin oktyabrından indiyə kimi 250 min Rohinqya müsəlmanının kütləvi zorakılığa məruz qaldığı üçün Myanmadan Banqladeşə qaçdığını və mindən çox insanın da öldürüldüyünü bildirib.
Rohiqya müsəlmanlarının Myanma dövlətinin kütləvi zorakılıqlarından amanda qalmaq üçün Banqladeşə sığınmağa çalışmaları isə bu ölkə üçün didərginlərin məskunlaşdırılması və ehtiyaclarının təmin edilməsi baxımından ciddi problemlər yaradıb.
Myanma ordusu və ifratçı buddistlərinin Rohinqya müsəlmanlarına qarşı zorakılıqlarında ən azı 400 nəfərin öldürüldüyü bildirilir.
Ötən ilin oktyabrından bəri Raxin vilayətində Rohinqya müsəlmanlarına məxsus 60 min evin Myanma ordusu tərəfindən yandırıldığı bildirilir.
Banqladeş hökumətinin bildirdiyinə görə, Myanma hökuməti Banqladeşə sığınan Rohinqya müsəlmanlarının geri qayıtmasını önləmək üçün, sərhəd məntəqələrini minalamağa başlayıb.
Myanma hökuməti BMT məruzəçisinin Rohinqya müsəlmanlarının ordu tərəfindən kütləvi zorakılığa, təcavüzə, işgəncələrə məruz qalması, evlərinin yandırılması və amansız şəkildə qətlə yetirilməsi ilə bağlı hesabatını rədd edir və BMT müfəttişlərinin və müstəqil beynəlxalq faktaraşdırıcı heyətlərin Myanmaya girişinə icazə vermir.