NATO təkid etdi: Nüvə anlaşmasının icrasına önəm verilməlidir
Şimali Atlantika Alyansı NATO-nun baş katibi İran ilə nüvə anlaşmasının icrasına xüsusi önəm verilməsini zəruri adlandırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, NATO-nun baş katibi Yiens Stoltenberq cümə axşamı Amerika Milli Radiosu ilə müsahibədə İran ilə nüvə anlaşmasının icra edilməsini dəstəkləyərək, deyib: İcra edilmədiyi təqdirdə, heç bir anlaşma yaxşı anlaşma ola bilməz.
Stoltenberq daha sonra 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin BMT Baş Assambleyası kənarında təşkil etdikləri iclasda İran ilə nüvə anlaşmasına dəstək vermələrini alqışlayıb.
Amerikada Donald Trampın hakimiyyətə gəlməsindən bəri ilk dəfə olaraq çərşənbə günü Nüvə Anlaşması Birgə Komissiyası xarici işlər nazirləri səviyyəsində iclas təşkil etdi.
ABŞ dövlət katibi Reks Tillerson bu iclasdan sonra, jurnalistlərə verdiyi açıqlamada iclası konstruktuv və faydalı adlandırıb. Tillerson həmçinin, nüvə anlaşması ilə bağlı İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin baxışlarından tam fərqli baxışa malik olduğunu da qeyd edib.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini də iclasda iştirak edən bütün tərəflərin İranın nüvə anlaşmasına sadiq qaldığını və öz öhdəliklərini yerinə yetirdiyini təsdiqlədiklərini bildirib.
Moqerini həmçinin deyib: Avropa nüvə anlaşmasının qüvvədə qalacağı və icra ediləcəyi barədə əminlik əldə edəcək.
İran və 5+1 Qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra edilir. Amma, ABŞ hökuməti bu anlaşmanı imzalamasına baxmayaraq, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdır.