YUNİSEF: Ruhincalı didərginlərin 60%-i uşaqlardır
YUNİSEF Ruhincalı didərginlərin 60%-nin uşaq olduğunu bildirib.
APTN-nin verdiyi məlumata görə, YUNİSEF Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınan Ruhincalı müsəlmanlar arasında 1400 uşağın heç bir valideyni olmadan Myanma sərhədindən keçərək, Banqladeşə daxil olduğunu bildirib.
YUNİSEF-in bildirdiyinə görə, Myanmalı müsəlman didərginlər Banqladeşə sığınsalar da, onların durumu ağır olaraq qalır və on minlərlə insan heç bir təhlükəsizliyə malik olmayan ərazilərdə yaşamaq məcburiyyətində qalıb. Bu ərazilər uşaqlar üçün ümumiyyətlə münasib sayılmır.
Myanma ordusu və hökuməti Raxin vilayətində yaşayan bir milyondan çox Ruhinca müsəlmanına qarşı soyqırımı başladaraq, bu insanların yaşamaq haqqına malik olmadıqlarını düşünürlər. Bu zülmdən xilas olmaq üçün indiyə kimi 400 min müsəlman Banqladeşə sığınıb.