Putinin əsas müxalifi azadlığa buraxılıb
Rusiyada növbəti prezident seçkilərinə 6 ay qalmış, prezident Vladimir Putinə qarşı icazəsiz aksiya keçirmək ittihamı ilə 20 gündür həbsdə olan Aleksi Navalni azadlığa buraxılıb. O dərhal bildirib ki, növbəti mitinqdə iştirak edəcək.
Frans24-ün verdiyi məlumata görə, Aleksi Navalni azadlığa buraxılan kimi özünün siyasi və seçki fəaliyyətlərinə başlayıb. O ölkənin cənub qərbində kampaniya aparmaq üçün bu bölgəyə səfər edib. Bu dəfə yerli rəsmilər ona toplantı keçirmək icazəsi veriblər. O həbsdən çıxandan sonra sosial şəbəkələrdə bildirib ki, 20 gün ərzində 20 kitab oxuyub və bir neçə kəlmə qırğızca öyrənib və 80 litr də çay içib.
Aleksi oktyabrın 2-də Vladimir Putinə qarşı qeyri-qanuni aksiiya keçirdiyinə görə həbs edilmişdi. Növbəti prezident seçkilərinə namizəd olan Aleksi Navalni həbsxanaya salındığı gün Putinə qarşı etiraz aksiyalarına çağırdı. O özünə qarşı məhkəmə işinin qeyri-qanuni olduğunu bildirərək xalqı onun namizədliyinə dəstək verməyə və sadəcə Sankt-Peterburqda deyil bütün ölkədə aksiyalar keçirməyə çağırdı.
Navalni korrupsiya ilə mübarizə üzrə vəkil və blogerdir. O ölkənin müxtəlif şəhərlərində davamlı olaraq mitinqlər təşkil edir. Navalni qarşıdakı prezident seçkilərində Vladimir Putinin rəqibi olacağına ümid edir. O öz namizədliyini hələ elan etməyib. Ötən həftə Rusiyanın seçki rəsmiləri bildirdilər ki, Navalninin keçmişində cinayət işi olduğuna görə o 2028-ci ilədək seçkilərdə iştirak etmək şəraitinə malik olmayacaq.