BMT-dən Myanma hökumətinə ultimatum
Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması komitəsi Myanma hökumətindən istəyibdir ki, altı ay ərzində bu ölkənin təhlükəsizlik qüvvələrinin ruhinqalı qadın və qızlara qarşı təcavüz və cinsi zorakılıqları barədə hesabat təqdim etsin.
Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsi dünən Myanma rəsmilərindən istəyibdir ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin Myanmanın şimalındakı Raxin əyalətində ruhinqalı qadın və qızlara qarşı təcavüz və cinsi zorakılıqları barədəki detalları, eləcə də bu ölkədəki zorakılıqlar zamanı öldürülmüş ruhinqalı qız və qadınların sayını aydınlaşdırsınlar.
BMT ekspertləri Myanma hökumətinin bu ölkənin silahlı qüvvələrinin üzvləri daxil olmaqla, bu cür hərəkətləri törədənlərə qarşı istintaq, həbs, təqib və ya cinayət işi açmasını istəyiblər.
23 müstəqil ekspertdən ibarət olan Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsi qeyd olunan məsələlər barədə BMT-nin baş katibi Antonio Quterreşə məlumat verməsi üçün Myanma hökumətinə altı aylıq möhlət təyin edibdir.
Myanmanın Raxin əyalətində bu ölkənin ordusu və ifratçı buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı geniş cinayətlərin işlənməsi avqustun 25-dən başlanıb və indiyədək altı min nəfərdən çox insan öldürülüb, səkkiz min nəfər yaralanıb, həmçinin minlərə insan da didərgin düşübdür.