ABŞ-ın Qüdsə qarşı yeni fitnəsinə etirazlar genişlənir
ABŞ prezidenti Donald Trampın çərşənbə günü bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və Qüdsü İsrailin paytaxtı olaraq tanıması barədə fərman imzalaması dünya səviyyəsində geniş etirazlara səbəb olub.
ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasından dərhal sonra Trampın bu hərəkəti dünya səviyyəsində geniş etirazlarla qarşılanıb. Fələstin, Türkiyə, Pakistan, Livan və İordaniya ilə yanaşı digər ölkələrdə də Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarına etiraz olaraq insanlar küçələrə axışıb. İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistani də Trampın qərarını tənqid edib. Misirin Əl-Əzhər Universiteti isə gözlənilməz bir hərəkətdə islam ölkələri alimlərinin təcili iclas keçirməsini istəyib. Suriyanın din alimləri də Trampın bu addımını kəskin formada tənqid ediblər.
Suriya şiələrinin liderlərindən olan Şeyx Nəbil Əl-Həlbavi deyir: “ABŞ və Trampa deyirik, istər səfirliyi Qüdsə aparın, istər aparmayın, fərqi yoxdur. Suriyada Qərb imperializminin törəməsi olan təkfirçi terrorizmin kökünü kəsdikdən sonra, sıra Fələstinin sionistlərin işğalından azad edilməsinə çatmış olacaq.”
Dəməşqin Came Məscidinin imam camaatı Məmun Rəhmə isə deyir: “Bu gün hər zaman olduğundan daha artıq müqavimət mədəniyyətinə ümid bəsləyirik. ABŞ-ın sionistləri himayə üzrə hərəkətlərini qınayan bəyanatlar verməklə heç bir şey əldə etmək olmaz. Bizim məqsədimiz müsəlmanların gücü və qüdrətini onların birliyində görən İmam Xomeyni(rə)-in düşüncələrini gerçəkləşdirməkdir.”
Fələstinli Mübariz Qruplar Koalisiyasının sözçüsü Xalid Əbdülməcid də Trampın Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanımasına reaksiya olaraq deyib: “Trampın bu hərəkəti Fələstin xalqı, İslam Ümməti və bütün dünya azadələrinə müharibə elanıdır. Bu addım Ağ Evin İsraili himayə siyasəti çərçivəsindədir.”
Misirini Əl-Əzhər Universiteti Qüdsün İsrailin paytaxtı olaraq tanınmasının mənfi nəticələri barədə xəbərdarlıq edib və Qüdsə təcavüzün edilməsini dünya sülhü üçün ciddi təhdid adlandırıb.
Misirin Milli Koalisiya Partiyasının siyasi bürosunun üzvü Əhməd Əl-Əhvani isə deyir: “Bu addım Netanyahu üçün qələbə gətirməyəcək. Çünki, daxili böhran ilə üz-üzədir. Trampın da rüsvayçılıqları da o qədər böyükdür ki, səfirliyin Qüdsə köçürülməsi ilə bu rüsvayçılıqları gizlətmək olmaz. Amma, ən böyük rüsvayçılıq Qərbdən hansısa xeyir görəcəyini təsəvvür edən regionun asılı rejimləri üçün olacaq.”
Misirin xarici işlər naziri də ABŞ dövlət katibi ilə telefon əlaqəsi saxlayaraq, Vaşinqtonun regionda vəziyyəti gərginləşdirməkdən çəkinməsini istəyib.
Siyasi analitik Səmid Əl-Nəşayi deyir: “Ərəb ölkələrinin reaksiyaları formal xarakter daşıyır. Ərəbistan da etiraz edib. Halbuki, hamı Ali-Səudun sionistlərin əlaltısı olduğunu yaxşı bilir. İraq, Suriya və Hizbullah istisna olmaqla Ərəb dünyasında heç bir ölkə sionizm ilə mübarizə aparmır. İslam dünyasında isə sionizmə qarşı əsas mübarizə aparan ölkə İrandır.”
Misir Parlamentinin Ərəb Məsələləri Komitəsi ABŞ-ın Qüds ilə bağlı son hərəkətinin mənfi nəticələri barədə xəbərdarlıq edərək, bu addımı İsrailin işğalçılığına legitimlik bəxş etmək və təcavüzkarı mükafatlandırmaq adlandırıb.