Qüds qətnaməsi BMT-nin Baş Assambleyasında qəbul edildi
Qüds qətnaməsinin ilkin mətni cümə axşamı BMT-nin Baş Assambleyasında 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səs ilə qəbul edilib.
Bu qətnaməyə əsasən BMT Qüdsü İsrailin paytaxtı olaraq tanımayacaq.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarına etiraz olaraq BMT Baş Assambleyasında Qüds qətnaməsinin lehinə səs verən ölkələri təhdid edərək, Vaşinqtonun bu ölkələrə maliyyə yardımlarını dayandıracağını bildirib.
BMT Baş Assambleyasının iclası cümə axşamı təşkil edildi. Misir tərəfindən hazırlanmış Qüds qətnaməsi bundan öncə Təhlükəsizlik Şurasında ABŞ tərəfindən veto edilmişdi. Təhlükəsizlik Şurasının digər 14 üzvü isə bu qətnamənin lehinə səs vermişdi.
Qüds qətnaməsində deyilir: Müqəddəs Qüds şəhərini mahiyyəti, statusu və əhalisinin tərkibini dəyişməyə yönəlik istənilən qərar və addım hüquqi baxımdan dəyərsizdir və BMT-nin əlaqədar qətnamələri əsasında ləğv edilməlidir.
Bu qətnamə layihəsində həmçinin bütün ölkələrdən BMT TŞ-nin 478 saylı qətnaməsi əsasında rəftar edilməsi, Qüds şəhərində diplomatik nümayəndəlik, səfirlik və konsulluq yaratmaqdan çəkinilməsi və TŞ-nin qətnaməsinə əməl edərək, bu qətnamələrə zidd addımın atılmaması istənilir.
Tramp 6 dekabrda beynəlxalq ictimaiyyətin müxalifəti və etirazına baxmayaraq, Vaşinqtonun Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan etdi. Tramp həmçinin, ABŞ Dövlət Departamentindən bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.
Qüds Fələstinin ayrılmaz hissəsi olaraq, İslam dinində 3 mühüm müqəddəs məkandan biridir.
Qüds 1967-ci ildə işğal edilib.