Londonda İsrail səfirliyi önündə "Fələstinə Azadlıq" şüarı ilə aksiya keçirilib
Sionist rejimin təsis edilməsinin ildönümü ərəfəsində Londonda İsrail səfirliyi önündə “Fələstinə Azadlıq” şüarı ilə aksiya keçirilib. Aksiya iştirakçıları 70 ildir ki, haqsızlığa, zorakılığa və işğalçılığa məruz qalmış Fələstin xalqının hüquqlarını müdafiə edərək, bu zülmə son qoyulmasını istəyiblər.
Fələstinlilərin “Səfalət Günü” adlandırdıqları İsrail rejiminin təsis edilməsinin ildönümü günü ərəfəsində bu qanunsuz rejimin doğulduğu məkanda, Londonda yüzlərlə nəfər “Fələstinə azadlıq” fəryadı ilə aksiya keçirib.
Aksiya iştirakçılarından biri deyir: “Bu aksiyanı keçirməkdə məqsədimiz tam bir zorakılıq və amansızlıqla öz doğma yurdundan didərgin salınan və bu gün də zülmə məruz qalan Fələstin xalqını himayə etməkdir.”
Londonda, İsrail səfirliyi önündə keçirilən bu etiraz aksiyasında çıxış edənlər sionist rejimin Fələstin xalqına qarşı cinayətlərindən danışaraq, bu işğalçı rejim ilə bütün əlaqələrin kəsilməsini istəyiblər.
Bir başqa aksiya iştirakçısı isə deyir: “ABŞ və Britaniya Ərəbistan, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi irticaçı rejimlər ilə birlikdə İsrail rejiminə hərtərəfli dəstək verirlər. Bu, bir rüsvayçılıqdır.”
Sionizm ilə müxalif olan yəhudilərin də iştirak etdiyi bu aksiyada İsrail rejimi cinayətkar, təcavüzkar, işğalçı və despot rejim elan edilib.
Britaniyanın İsrail rejiminin cinayətlərinə göz yumması və bu rejimi dəstəkləməsinə etiraz edən aksiya iştirakçılarından biri deyir: “Britaniya bir imperialist ölkə olaraq öz nüfuzunu genişləndirmək məqsədi ilə İsrail rejimini yaradıb. Və bu gün də regionda gərginlik yaratmaq üçün ABŞ ilə birlikdə bu rejimdən istifadə edir.”
Aksiya iştirakçıları qarşısında çıxış edənlər həmçinin, İsrail rejiminin Suriyaya olan raket hücumlarını və regionda yeni böhran odu alovlandırmasını tənqid və ABŞ və müttəfiqlərinin İranla bağlı aqressiv rəftarlarının mənfi nəticələri haqda xəbərdarlıq ediblər.