Tramp Ağ Evin sənədlərini yırtır
-
Tramp Ağ Evin sənədlərini yırtır
Ağ Evin işdən çıxarılmış iki işçisi prezidentin dövlət sənədlərini məhv etdiyini deyiblər.
Nyu-York Post bildirir ki, son zamanlar gözlənilmədən və heç bir izahat verilmədən Ağ Evdəki vəzifələrindən kənarlaşdırılan Solomon Larti və Rejinald Yanq Cuniyor prezident Donald Trampın Ağ Evə daxil olduğu zamandan bəri qorunması gərəkən dövlət əhəmiyyətli sənədləri cırıb, bir kənara atdığını deyiblər.
ABŞ-ın prezidentlik sənədləri qanununa əsasən Ağ Ev prezidentə aid sənədləri qorumalıdır. Amma, Trampı sənədləri cırmaq adətindən əl çəkməyə qane etmək Ağ Ev işçiləri üçün çətin məsələyə çevrilib.
İşdən yeni çıxarılan Ağ Ev işçiləri Trampın cırdığı sənədləri toplayaraq, onları bərpa etməyə və yapışqanla tikələri bir-birinə yapışdırmağa çalışıblar. Bu sənədlər Trampın məktubları və üzərində qeydlər apardığı qəzetlərə aiddir.
Ağ Evin bu iki sabiq işçisinin dediyinə görə, Trampdan öncə heç vaxt belə bir hadisənin şahidi olmadıqlarını bildiriblər. Onlar heç bir izahat vermədən işdən qovulduqlarını söyləyirlər.
İndiyə kimi Trampın Ağ Evdə qeyri-adi davranışları ilə bağlı bir çox məlumat yayılıb.