Sanksiyalar Çinin İrandan neft idxalına zərbə vurmur
Dünyanın ən böyük neftayırma zavodunun rəsmilərindən biri bildirib: ABŞ-ın İran əleyhinə sanksiyaları Çinin İrandan neft idxalına təsir etməyəcək.
Neft və Energetika İnformasiya Agentliyi ŞANA-nın məlumatına görə, Çinin Sinopek Şirkətinin yüksək səviyyəli direktorlarından biri çərşənbə günü deyib: Çin neftayırma zavodları İrandan neft satın almaq üçün ABŞ-la iqtisadi münasibətləri olmayan tankerlərdən istifadə edirlər. Buna görə, İran əleyhinə sanksiyaların yenidən qüvvəyə qayıtması üzrə ABŞ-ın qərarına rəğmən, Çinin İrandan neft idxalına zərbə dəyməyəcək.
Sinopek şirkətinin direktoru bildirib: Çin ABŞ-dan neft idxalı üçün 25%-lik rüsumu tətbiq edərsə, Çin neftayırma zavodları Birləşmiş Ştatlardan neft idxalını dayandıracaqlar.
Çin və Hindistan Asiyada İran neftinin əsas müştəriləridir, Türkiyə və İtaliya isə İranın Avropadakı neft müştəriləridir.
ABŞ çərşənbə axşamı günü İran xalqı ilə düşmənçilik çərçivəsində ölkələrdən noyabr ayına qədər İrandan bütün neft idxalını dayandırmalarını istəyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi çərşənbə günü İranın neft satışının durdurulması haqda ABŞ-ın yüksək səviyyəli rəsmisinin açıqlamasına reaksiyada deyib: İran İslam Respublikası yerli potensiallara arxalanaraq, beynəlxalq potensiallardan faydalanaraq ABŞ-ın birtərəfli sanksiyaları və təzyiqləri qarşısında müqavimət göstərəcək həddədir.