Okt 15, 2018 12:47 Asia/Baku
  • Camal Qaşıqçının qətli və Qərbin Ərəbistana arxa çevirməsi
    Camal Qaşıqçının qətli və Qərbin Ərəbistana arxa çevirməsi

Ali-Səud rejiminin tənqidçilərindən olan ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxmasından 2 həftə sonra, macəra yeni mərhələyə daxil olub. ABŞ və Fransa prezidentləri habelə, Britaniya və Avropa İttifaqı rəsmiləri Ərəbistanın ən yaxın müttəfiqləri olmalarına rəğmən, Ər-Riyada qarşı sərt mövqe sərgiləyiblər.

ABŞ prezidenti Donald Tramp ən son acıqlamasında, mediaların Camal Qaşıqçının qətlə yetirilməsi hadisəsi ilə bağlı Ağ Evə artan təzyiqlərinin ardınca, Ər-Riyada qarşı sərt tənqidlər səsləndirib və Ali-Səud rejimini təhdid edərək, deyib: Əgər tənqidçi jurnalistin yoxa çıxması hadisəsinin arxasında Ərəbistanın olduğu aydınlaşarsa, Ər-Riyadı ciddi şəkildə cəzalandırılacaq. 

Tramp bundan öncə Camal Qaşıqçı olayı ilə bağlı sadəcə ehtimallardan danışar və hələ ki, heç nəyin sübut edilmədiyini deyərdi. Amma, bu dəfə məsələyə ciddi münasibət bildirməyə məcbur olub və Ərəbistanın ABŞ ilə iri silah müqaviləsinə malik olmasına rəğmən, Ər-Riyadı "ciddi cəza" ilə təhdid edib. 

Fransa prezidenti Emanuel Makron da nəhayət Camal Qaşıqçı macərasındakı sükutuna sonr qoyaraq, Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalistin yoxa çıxmasını təhlükəli fenomen adlandırıb. 

Makrondan öncə Fransanın Xarici İşlər Nazirliyi də Ərəbistandan Camal Qaşıqçının taleyi ilə bağlı detallara aydınlığın gətirilməsini istəmişdi. 

ABŞ kimi Ərəbistan ilə iri silah müqavilələrindən külli miqdarda gəlir əldə edən Britaniya rəsmiləri də Camal Qaşıqçının yoxa çıxması hadisəsi ilə bağlı ictimai təzyiqlərin artmasının ardınca məsələyə münasibət bildirib. 

Britaniya Parlamentinin aşağı palatasının üzvləri xarici işlər nazirinə ünvanladıqları məktubda Camal Qaşıqçının taleyi ilə bağlı hərtərəfli araşdırmaların aparılmsını istəyiblər. 

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Ceremi Hant, Jan İv Le Drian və Heyko Mass da bəyanat yayaraq, Ərəbistan hökumətindən bu xüsusda ətraflı izahat verməsini istəyiblər. 

Avropa Birliyinin Xarici Əlaqələr Şurası da bəyanat yayaraq, bildirib: Tənqidçi jurnalist Camal Qaşıqçının yoxa çıxması və ya qətlə yetirilməsi ehtimalı Yaxın Şərqin acınacaqlı durumu ilə bağlı növbəti təhlükə siqnalı sayılır. 

Deyilənlərə görə, Britaniya və ABŞ hal hazırda Ər-Riyadda keçiriləcək "Gələcəyin İnvestisiyası" adlı beynəlxalq iqtisadi forumu boykot etmək məsələsini araşdırırlar. Bəzi məlumatlara əsasən ABŞ-ın maliyyə naziri Stiv Mnuçin və Britaniyanın beynəlxalq ticarət naziri Lyam Foks Ər-Riyad iclasında iştirak etməyəcəklər. 

Trampın Ərəbistanı sanksiyalar ilə təhdid etməsinin ardınca, kral ailəsinin rahatlığı pozulub. Səudiyyə rejimi Ər-Riyada qarşı sanksiyaların mənfi nəticələrini nigaranlıqla şişirtməyə çalışırlar. 

Teqlər