Fransada "sarı jilet"lərin etiraz aksiyası davam edir
Fransa xalqı hökumət əleyhinə etiraz aksiyalarının onuncu "qara şənbə"sində müxtəlif şəhərlərdə küçələrə axın edərək, aksiyalar təşkil edib.
Röyters-in məlumatına görə, Paris sakinləri Şanzelize prospektində və Eyfel qülləsinin yaxınlığındakı milli əlillər evi "Les İnvalides"in ətrafında etiraz aksiyası keçiriblər.
Ötən həftələrdə olduğu kimi "Makron istefa ver" aksiya iştirakçılarının başlıca şüarı olub.
Bu etiraz aksiyası ilə bir vaxtda Fransada 80 min təhlükəsizlik qüvvəsi gücləndirilmiş iş rejiminə keçib.
Bu məlumata görə, Fransanın bəzi şəhərlərində etiraz aksiyaları polisin aksiya iştirakçılarına qarşı güc tətbiq etməsinin ardınca qarşıdurmaya çevrilib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Fransada "sarı jilet"lərin etiraz aksiyası 2018-ci ilin noyabrından başlanıb və hələ də davam edir. İlk başda yanacaq üçün əlavə vergilərin təyin edilməsinə etiraz edən xalq, indi prezident Emanuel Makronun istefasını tələb edir.