Əlcəzairdə xalq etirazları davam edir
Əlcəzair xalqı hökumət əleyhinə etiraz aksiyalarının 13-cü cüməsində bir daha prezident seçkilərinin təxirə salınması tələbini irəli sürdü.
Əl-Ərəbi Əl-Cədid informasiya portalının bildirdiyinə görə, yüzlərlə nəfər hökumət əleyhinə etiraz aksiyalarının 13-cü cüməsində küçələrə axın edərək, müvəqqəti prezident Əbdülqadir bin Saleh və baş nazir Nurəddin Bədəvinin istefa verməsini istəyib.
Əlcəzair hökuməti prezident seçkilərinin iyul ayında keçirilməsini planlaşdırdığı halda müxalif qüvvələr buna qarşı çıxır və Ramazan ayı olmasına rəğmən etiraz aksiyalarını davam etdirir. Amma, dünən Əlcəzairdə hökumət əleyhinə etiraz aksiyası polis ilə aksiya iştirakçıları arasında qarşıdurma ilə nəticələnib. Bu etiraz aksiyası bir neçə nazirin korrupsiyada ittiham və həbs edilməsinə rəğmən keçirilib.
İşçi partiyasının baş katibi də saxlanılanlar arasındadır. O, ölkə və ordu əleyhinə fitnəkarlıqda ittiham edilir.
Aksiya iştirakçıları bildiriblər ki, istefada olan prezident Əbdüləziz Buteflikaya bağlı bütün hökumət adamlarının istefa verməsini və seçkilərin yalnız bundan sonra keçirilməsini istəyirlər. Müxalifət həmçinin, korrupsioner məmurların mühakimə olunması və cəzalandırılmasını tələb edir. Əlcəzairdə bəzi şəhərlərin merləri də etiraz aksiyalarına qoşulublar. Onlar xalqı himayə etmək üçün etiraz aksiyalarına qoşulublar. Onlar da xalq kimi prezident seçkilərinin 4 iyulda keçirilməsinə qarşıdırlar.
Narazı kütlə həmçinin, Əlcəzair ordusunun xalqın Bin Salih və Bədəvinin kənarlaşdırılmasına dair tələblərinə qarşı çıxmasını tənqid edib.
Əlcəzairin məhkəmə rəsmiləri bir neçə həftə öncədən korrupsiya və ordu əleyhinə təxribat planı barədə araşdırmalara başlayıb. Elə bu istiqamətdə bir neçə tanınmış sima da həbs olunub.
Əbdüləziz Buteflikanın prezidentlikdən istefa verməsi ölkədə xalqın sakitləşməsinə və etiraz aksiyalarının səngiməsinə səbəb olmayıb. Əksinə, xalq Əbdüləziz Buteflikanın hökumətində yer almış bütün şəxslərin hakimiyyətdən getməsini istəyir.